WMAZ/Wikimedia CEE Meeting 2024/Delegate selection
27-29 sentyabr 2024-cü il tarixləri arasıda Vikimedia Türkiyə, Türkiyənin İstanbul şəhərində baş tutacaq olan Mərkəzi və Şərqi Avropa Vikimediaçılarının görüşünü təşkil edəcək.
Mərkəzi və Şərqi Avropa Vikimediaçılarının görüşü (Wikimedia CEE Meeting) Mərkəzi və Şərqi Avropa ölkələrində baş tutan və Vikimedia layihələri ətrafında cəmlənmiş, ilki 2012-ci ildə təşkil olunmuş illik konfransdır. Burada Vikimedia layihələri, digər vikilər, pulsuz/açıq mənbə proqram təminatı, pulsuz bilik, pulsuz məzmun və bu mövzulara aid sosial və texniki aspektlər haqqında təqdimatlar təqdim olunur.
10-15 may 2024-cü il tarixləri arasında Azərbaycan Vikimedia cəmiyyətinin üzvləri bu səhifədə öz namizədliyini təqdim edə bilərlər. 20 may 2024-cü il tarixində konfrans təşkilatçıları son qərarı elan edəcəklər. Konfransa iki nümayəndə seçiləcək.
Azərbaycan Vikimedia icmasının konfransdakı nümayəndəsi olmaq üçün aşağıdakı meyarlara cavab verməlisiniz:
- Heç bir Vikimedia layihəsində bloklanmamalı və ya Vikimedia Fondu tərəfindən Vikimedia tədbirlərində iştirakınız məhdudlaşdırılmış olmamalıdır;
- 2023-cü il aprel ayının 30-dan 2024-cü il aprel ayının 30-dək Azərbaycanca Vikipediyada 2000-dən çox redaktə etmiş olmalısınız;
- 27-29 sentyabr tarixləri arasında xaricə səyahət etməyə hazır olmalısınız;
- Ümumvətəndaş pasportunuz olmalı və onun etibarlılıq müddətinin sonuna ən azı 1 il qalmış olmalıdır.
Həmçinin konfrans təşkilatçılarının düzgün qərar qəbul etməsi üçün aşağıdakı suallara cavab verməlisiniz:
- 2024 Mərkəzi və Şərqi Avropa Vikimediaçılarının görüşü konfransında nə üçün iştirak etmək istəyirsiniz?
- 2024 Mərkəzi və Şərqi Avropa Vikimediaçılarının görüşü konfransında iştirakınız nə üçün vacibdir?
- Konfransa hansı töhfəni verəcəksiniz?
- Konfransda əldə etdiyiniz bilik və təcrübəni Azərbaycan viki cəmiyyəti ilə bölüşməyə hazırsınızmı?
Namizədlər
Nemoralis
- Salam. Qəbul ediləcəyim təqdirdə bu iştirak edəcəyim ilk beynəlxalq konfrans olacaq. Digər dillərdə fəaliyyət göstərən istifadəçilərlə təcrübələrimi bölüşmək məncə gələcək fəaliyyətim üçün faydalı olacaq. Konfransa əhəmiyyətli bir töhfə verə biləcəyimə inanmıram, amma kiçik, texniki cəhətdən problemlər yaşayan icmaların iştirakçıları ilə müzakirə edib onlara kömək edə bilərəm. Konfrans zamanı əldə edəcəyim təcrübələri və təəsüratlarımı hər kəsə açıq şəkildə Azərbaycanca Vikipediyanın Kənd meydanında paylaşacam. Həmçinin bu təcrübələrdən təşkilatçısı olacağım görüş və düşərgələrdə istifadə edəcəm.--Nemoralis (talk) 10:25, 13 May 2024 (UTC)
- Salam,
- İcmanın daxili vikikamplarına və görüşlərinə aktiv şəkildə qatılsam da bu ilk beynəlxalq təcrübəm ola bilər. Qatılmaq istəməyimin əsas səbəbi Azərbaycandilli Vikipediya icmasından kənar digər icmaların istifadəçilərindən də yeni təcrübələr toplamaqdır. Sadəcə Vikipediya yox, digər Vikimedia layihələrində də aktiv çalışdığım üçün düşünürəm ki, buradan əldə edilən təcrübələr fəaliyyətim və yerli icma üçün səmərəli olacaq.
- Düşünürəm ki, təlim və təqdimatlarda iştirak etməklə digər istifadəçilərin təcrübələrindən yararlana bilərəm. Əsasən Vikimedia layihələrində azad və ədalətli məzmun istifadəsi və bu yöndə qaydaların təkmilləşdirilməsi, həmçinin proqram təminatı məsələləri xüsusilə son dövlərdə maraq dairəmdədir.
- Müxtəlif dillərdə və fərqli layihələrdə fəaliyyət göstərirəm. Düzdür, daha çox təcrübə toplamaq məqsədi ilə müraciət etsəm də, öz təcrübələrimi digərləri ilə bölüşməyə hazıram.
- Yerli vikikamplarda və digər tədbirlərdə yeni istifadəçilər üçün müxtəlif dövrlərdə təlimlər və təqdimatlar etmişəm. Buradakı bilikləri təbii ki, gələcək təqdimatlarımda istifadə edə bilərəm.
- Hörmətlə, --Turkmen talk 06:10, 11 May 2024 (UTC)
Patriot Kor
- Bu konfrans, digər Vikimediyaçılarla əlaqələrimi artırmaq və onların təcrübələrindən istifadə etmək imkanı yarada bilər. Vikimediya layihələri və Vikipediyanın özü haqqında maraqlı təlimlərdə iştirak etmək və inkişafa dair təkliflərlə tanış olmaq istəyirəm. Həmin təlimlər yeni bacarıqların öyrənilməsi və mövcud biliklərin genişləndirilməsi üçün vacibdir.
- Konfrans zamanı keçilən təlimlər və müzakirələr fərqli Vikilayihələrdəki biliklərimi inkişaf etdirməyə kömək edə bilər. Çünki bu konfransda fərqli Vikilayihələrdən gəlmiş və digər icmalardan olan qonaqların fikir və təcrübələri çox vacibdir və yerli icmamız üçün də vacib sayıla bilər. Əsasən nəzakət qaydalarını pozan halların araşdırılması və müvafiq addımların atılması məni xüsusilə maraqlandırır. Bununla belə, Commons haqqında öyrənmək istədiyim çox şey var.
- Konfransa hansısa töhfə verə biləcəyimə əmin deyiləm. Çünki mən daha çox töhfə verməyə yox, töhfə almağa və dəyərləri öyrənmək üçün gələcəyimi düşünürəm. Bununla belə, mən də öz təcrübəmi və biliklərimi başqa icmalardan olan Vikimediyaçılarla bölüşəcəyimə və kiçik də olsa töhfə verə biləcəyimə inanıram. Bacardığım qədər müzakirələrdə və təlimlərdə fəal iştirak etməyi düşünürəm.
- İnanıram ki, konfransda əldə etdiyim bütün təcrübə və bilikləri öz icmamda tətbiq etmə imkanlarım olacaq. Yerli vikigörüşlərdə tez-tez iştirak edirəm və yəqin ki, konfrans sonrasında qazandığım təcrübələri, bu görüşlərdə icma üzvləri ilə bölüşə bilərəm. --Patriot Kor (talk) 14:44, 11 May 2024 (UTC)
Araz Yaquboglu
- Salam. Əsasən digər vikipediyaçılarla görüşmək üçün vacib hesab edirəm. Ona görə vacib hesab edirəm ki, bilmədiklərimi və yenilikləri öyrənmək üçün. Mən də öz təcrübəmdən onlarla paylaşa bilərəm. Əlbəttə, bu barədə yerli görüşlərimizdə, eləcə də müzakirələrdə bölüşəcəm. --Araz Yaquboglu (talk) 05:30, 13 May 2024 (UTC)
Samral
- Bəzi həmkarlarım kimi mən də gedib başqa ölkələri gəzmək istəyirəm ))) Samral (talk) 04:24, 14 May 2024 (UTC)
Namikilisu
- İştirak etdiyim təqdirdə konfransdan, eləcə də Vikipediya sahəsində topladığım bilgini yaşadığım bölgədə, eləcə də işlədiyim məktəbdə bölüşməyi və təbliğini planlaşdırıram.
- Konfransda iştirak etmək yuxarda göstərdiyim istəyimi həyata keçirmək üçün gözəl bir nümunə olacaq. Məhz bölgədə, eləcə də təhsil müəssisələrində vikimediyanın və onunla bağlı layihələrin nə qədər önəmli olduğunu konfransda topladığım təcrübə ilə nümayiş etdirəcəyəm.
- Tövhədən öncə daha çox ünsiyyət və bilgi əldə etmək haqqında düşünürəm. Ancaq uzun müddət Commonsda böyük təcrübə və uğurlar qazandığıma görə bunu konfrans iştirakçıları ilə də bölüşmək fikrindəyəm.
- Konfransdan sonra ilk işim əldə etdiyim təcrübəni, təəssüratı, ümumən A-dan Z-yə kimi hər detalı ilk öncə viki icmamızda, daha sonra ətraf insanlarla, əsasən də təhsil sahəsində bölüşəcəyəm. Unutmayaq ki, vikipediya artıq təhsilimizdə biliyə çatmaq üçün ən asan üsul kimi populyarlıq qazanmışdır. Əlavə olaraq da konfrans haqqında həm sosial şəbəkələrdə, eləcə də mediada geniş məlumat verəcəyəm.--Namikilisu (talk) 11:24, 14 May 2024 (UTC)
Xayala Mammadli
- Salam. Bir neçə səbəbə görə mən 2024 Mərkəzi və Şərqi Avropa Vikimediaçılarının görüşü konfransında iştirak etmək istəyindəyəm. Çünki, bu, mənim üçün Mərkəzi və Şərqi Avropa, o cümlədən də Mərkəzi Asiya Vikimedia istifadəçiləri ilə əlaqələr qurmaq imkanını təmin edir. Konfransda iştirak etməklə mən Vikimedia hərəkatı haqqında məlumat dairəmi zənginləşdirə və bu istiqamətdə görülən işlər, layihələr barədə ətraflı, geniş biliklər almaq fürsəti qazanaram. Həmçinin bu konfransda iştirak fürsəti mənə verilərsə, Azərbaycanca Vikipediyanın aktiv fəal istifadəçisi kimi konfrans iştirakçıları ilə məlumat bölüşə, Vikipediyaya aid yeni biliklər qazana bilərəm. Mərkəzi və Şərqi Avropa Vikimediaçılarının görüşü konfransı mənə digər dillərdə çalışan Vikipediya istifadəçilərinin təcrübələri əsasında fikir mübadiləsi aparmağa, Vikipediya layihəsində olan texniki yenilikləri öyrənməyə, Azərbaycanca Vikipediyanın son illərdəki, uğurları barədə məlumatları bölüşmək imkan yaradacaq.
- Mərkəzi və Şərqi Avropa Vikimediaçılarının görüşü konfransında iştirakım mənim üçün xüsusilə Azərbaycanca Vikipediya istifadəçilərini təmsil etmək baxımından mühüm əhəmiyyət kəsb edə bilər. Mən Vikimedia fondunun müxtəlif layihələri, o cümlədən də Vikipediya üzrə oflayn fəaliyyətin necə inkişaf etdirilməsi barədə konfrans iştirakçılarının bilikləri və təcrübələri haqda məlumat almaq istəyirəm. Vikimedia fondunun müvafiq layihələrində təbliğat işinin təşkili istiqamətində iştirakçılarla təcrübə mübadiləsi mənim üçün faydalı ola bilər.
- Qadın vikipediyaçıların son illərdə aktiv fəaliyyəti və Vikimedia layihələrində iştirakı onlar arasında olan əməkdaşlığın daha da güclənməsinə gətirib çıxarır. Mərkəzi və Şərqi Avropa, o cümlədən də Mərkəzi Asiya Vikimedia qadın istifadəçiləri ilə təmsil etdiyim icmanın qadın istifadəçiləri arasında daha güclü əlaqələrin yaranmasına öz töhvəmi verə bilərəm. Xüsusilə Vikimedia Hərəkatında qadın istifadəçiləri arasında əməkdaşlıq səylərini gücləndirə bilən layihələrə dəstək vermək gücündəyəm. Vikimedia Hərəkatında qadın istifadəçilərin rolu və bu istiqamətdə səmərəli fəaliyyət, birgə layihələr, müzakirələr və əməkdaşlıq perspektivinin inkişafı mənim üçün priorotet vəzifələrdən biridir. Hesab edirəm ki, konfransda iştirakla, digər qadın konfrans iştirakçıları ilə bu istiqamətdə vacib strategiyaların hazırlanması və həyata keçirilməsində öz töhvəmi verə bilərəm.
- Azərbaycanca Vikipediyada həm aktiv istifadəçi, həm də təlimlər keçən bir şəxs kimi konfrans çərçivəsində keçirilən görüşlərdə əldə etdiyim bilik və təcrübəni bölüşməyə hazıram. Zatən əvvəl iştirak etdiyim konfranslarda əldə etdiyim bilikləri, mediada və keçdiyim təlimlərdə bölüşmüşəm. --Xayala Mammadli (talk) 20:13, 14 May 2024 (UTC)
Firuza
- Bu vaxtadək Mərkəzi və Şərqi Avropa Vikimediaçılarının görüşü konfransında iştirak etməmişəm. Qrup həm Avropa, həm də Asiya ölkələrindən olan kifayət qədər maraqlı və rəngarəng icmaları özündə birləşdirir. Hər birinin bu hərəkata yanaşması və həm icmadaxili, həm icmalararası, həm də CEE qrupunun öz daxilində əməkdaşlığı gücləndirmək üçün həyata keçirdikləri tədbirlər və layihələr barədə məlumatlı olmaq istəyərdim.
- İştirak edəcəyim halda CEE qrupuna daxil olan digər Vikimedia icmalarının nümayəndələri ilə tanış olmaq, bilik və təcrübə mübadiləsi aparmaq imkanına malik ola bilərəm. Keçən ilki Türkdilli Vikimediaçıların Konfransında iştirak edərkən bir neçə texniki alətlə ilk dəfə tanış olmuş və öz təcrübəmdə tətbiq edib başqa istifadəçilərlə də paylaşmışdım. Həmçinin, bəzi icmaların üzvlərinin Azərbaycandakı icmanın fəaliyyəti ilə yaxından maraqlanması, bəzi yeniliklər təklif etməsi belə konfransları mənim üçün daha maraqlı etmiş, öz icmamızda daha aktiv iştirak etməyə məni həvəsləndirmişdi. Hazırkı görüş vasitəsilə ilə də yenidən, amma fərqli icmalarla bu təcrübəni yaşayıb öz icmamızla paylaşmaq və yenilikləri tətbiq etmək istəyərəm.
- Keçən ilki Türkdilli Vikimediaçıların Konfransında əldə etdiyim təcrübə onu deməyə əsas verir ki, belə beynəlxalq görüşlərdə iştirak və nəticədə qurulan əlaqələr təkcə həmin tədbirlərin keçirildiyi müddəti əhatə etmir. Önəmli olan tədbirdə qurduğumuz əlaqələri davam etdirə bilmək və sonrakı layihələrə töhfə verə bilməkdir. Bu səbəbdən konfransda yeni iştirakçılarla əlaqələr yarada bilərəm. Həmçinin, zərurət yaranarsa, təqdimatla çıxış edə bilərəm.
- Əlbəttə ki! Bilik paylaşdıqca çoxalar:)--Firuza (talk) 10:14, 15 May 2024 (UTC)
Baskervill
- Mən Azərbaycanca Vikipediyada 10 ildən çox inzibatçı kimi fəaliyyət göstərmişəm və hal-hazırda da fəaliyyətim istifadəçi kimi davam edir. Eyni dəyəri və fəlsəfəni bölüşən, paylaşan insanlarla bir necə gün bir yerdə olmaq hər zaman gözəl şansdır. 6 ildir ki, Kanadada yaşayıram. Əgər qonaqlama xərclərim qarşılansa, özüm təyyarə bileti alıb məmuniyyətlə sizlərə qoşula bilərəm. --Baskervill (talk) 11:13, 16 May 2024 (UTC)
Müraciətlər üçün ayrılmış zaman sona çatıb. 20 may 2024-cü il tarixində konfrans təşkilatçıları son qərarı elan edəcəklər.
Yekun qərar: WMCEEM24 Təşkilat Komitəsi aşağıdakı parametrlərə əsaslanaraq qərar verdi:
- Firuza konfransda Azərbaycan Vikimedia cəmiyyətini təmsil edəcək;
- Patriot Kor konfransda Azərbaycan Vikimedia cəmiyyətini təmsil edəcək.
- Nümayəndə seçimi zamanı istifadə olunan qiymətləndirmə parametrləri
- Formanın əsas suallarına namizədin cavabları və buna əsaslanan şəxsin motivasiyası;
- Vikimedia layihələrində iştirakçı fəaliyyəti;
- Yerli və qlobal səviyyədə Vikimedia hərəkatında iştirakçının fəaliyyəti;
- Heç bir Vikimedia layihəsində blokda və ya Vikimedia Fondu tərəfindən Vikimedia tədbirlərində iştirakı məhdudlaşdırılmış olmaması;
- Nümayəndələr arasında gender balansı.